Elmar Məmmədyarova ağır itki

Elmar Məmmədyarova ağır itkiGörkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri, akademik Məhərrəm Məmmədyarov 98 yaşında vəfat edib.
Azxeber.com bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
Məhərrəm Məmmədyarov eyni zamanda sabiq xarici işlər naziri Elmar Məmmədyarovun atasıdır.
Məmmədyarov Məhərrəm Əli oğlu 1924-cü il oktyabrın 17-də Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1932-ci ildə Yaycı kəndinin 7 illik məktəbinə daxil olmuş və oranı 1939-cu ildə bitirmişdir. 1939-1941-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunun tələbəsi olmuş, 1941-1942-ci illərdə Culfa rayonunda ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. 1943-1944-ci illərdə İkinci Dünya müharibəsi cəbhələrində vuruşmuş, bir sıra orden və medallarla təltif olunmuşdur. O, 1944-cü ildə ağır yaralanmış, hospitalda müalicədən sonra ordu sıralarından tərxis olunmuşdur.
M.Məmmədyarov 1949-cu ildə ali məktəbi bitirdikdən sonra Leninqrad Kimya-Texnologiya İnstitutunun aspiranturasına qəbul olunmuş və 1953-cü ildə "Formaldehidin, dəri kollageninin amin turşuları ilə qarşılıqlı əlaqəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan EA-nın Kimya İnstitutunda elmi katib və baş elmi işçi vəzifələrində çalışmışdır. 1955-ci ildə o, Moskvaya, SSRİ EA-nın N.Zelinski adına Üzvi Kimya İnstitutuna elmi ezamiyyətə göndərilmiş, orada SSRİ EA-nın müxbir üzvü M.F.Şostakovskinin rəhbərliyi altında vinil efirlərinin sintezi və çevrilməsi sahəsində elmi tədqiqatlar aparmışdır.
1959-cu ildə Yusif Məmmədəliyevin dəvəti ilə M.Məmmədyarov Bakıya qayıtmış və Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) baş elmi işçi vəzifəsində çalışmışdır.
60-cı illərdə texnikanın intensiv inkişafı, ilk növbədə hərbi sahədə olan təlabat sürtkü materiallarına olan tələbləri daha da gücləndirmişdir. Qeyd etmək lazımdır ki, o zamanlar neft yağları, bir çox hallarda, bu tələblərə cavab vermədiyindən, kimyəvi sintez yolu ilə yeni sürtgü yağları növlərinin yaradılması zərurəti ortaya çıxmışdı. Bununla əlaqədar olaraq, dünyanın bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-də yüksək keyfıyyətli sintetik yağların alınması sahəsində intensiv tədqiqatlar aparılırdı və bunları nəzərə alaraq Azərbaycan EA Y.H.Məmmədəliyev adına NKPİ-də 1969-cu ildə Sintetik yağların kimyası və texnologiyası laboratoriyası təşkil olunmuş və üzvi kimya sahəsində tanınan alim M.Məmmədyarov qeyd edilən laboratoriyaya rəhbər seçilmişdir. Həmin ildən vəfatına kimi Neft-Kimya Prosesləri İnstitutunda Sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləmişdir.
1970-ci ildə "C2-C4 olefinlərinin yüksək temperaturda "qaynar təbəqə"li xlorlaşdırılması reaksiyasının və alınmış xlorolefinlərin bəzi çevrilmələrinin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə etmiş və "Neft-kimyası" ixtisası üzrə kimya elmləri doktoru elmi dərəcəsini, 1971-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Uzun illər ərzində aparılmış fundamental tədqiqatlar nəticəsində M.Məmmədyarov tərəfindən istiqamətləndirilmiş sintez yolu ilə molekulun kimyəvi quruluşu, fəza konformasiyası ilə onun reoloji xassələri arasındakı asılılıq nəzərə alınmaqla 3 növ sintetik yağların əsası işlənib hazırlanmışdır. Bunlar norbornen sırası efirləri, tsiklik neopoliolların efirləri və vitsinal dikarbon turşularının efırlərindən ibarətdir ki, onlar da unikal aşağı temperatur - reoloji xassələrə malikdirlər ki, bu da müasir və perspektiv xüsusi texnika üçün çox vacibdir. Yeni sintetik yağlar bir sıra istismar parametrlərinə görə xaricdə və keçmiş SSRİ-də istehsal olunan nümunəvi analoqlarından geri qalmadığından, təklif olunan yağlar keçmiş SSRİ-nin bir sıra ixtisaslaşmış mərkəzlərində (əsasən Moskva və Leninqrad) laboratoriya və stend sınaqlarından müvəffəqiyyətlə keçmiş və yüksək temperatura davamlı plastik yağlayıcı kütlənin dispers mühiti kimi və eləcə də vahid mühərrik - transmissiya yağlarına kompozisiya kimi, yüksək təzyiq altında polietilen istehsalında işlənən xarici "Ondina" yağını əvəz edən yağ kimi, zaman göstəricisi olan cihazlar üçün effektiv yağlar kimi tövsiyə olunmuşdur.
Alim 1973-1979-cu illərdə Naxçıvan Elmi Mərkəzinin təşkilatçısı və rəhbəri olmuşdur. Bu illər ərzində Muxtar Respublikanın təbii sərvətlərindən istifadə yollarını müəyyən etmək sahəsində ciddi axtarışlar aparılmışdır.
Akademik M.Məmmədyarov tərəfindən elmi işçilərin, həmçinin aspirantların Bakı, Moskva və Leninqrad şəhərlərinin aparıcı elmi müəssisələrinə ezam edilməsi praktikası geniş tətbiq edilmiş, onlardan bir çoxu sonralar namizədlik və doktorluq dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər. Bütün bunlar ona gətirib çıxarmışdır ki, 80-ci illərin sonlarında Naxçıvan Elmi Mərkəzi regional əhəmiyyətli problemlərin fundamental və praktiki aspektləri ilə bağlı olan məsələləri həll etməyə qabil olan yaradıcı bir kollektivə çevrilmişdir. Ən mühüm nəticələr sırasına Darıdağ termal su mənbəyinin təbii karbon dioksid qazından sənaye miqyasında istifadə texnologiyasının işlənib hazırlanmasını aid etmək olar. Bu işə görə bir qrup müəlliflər, o cümlədən M.Məmmədyarov 1980-cı ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
Aparılan elmi işlərin səviyyəsi və region üçün praktiki əhəmiyyəti 1980-ci ildə Muxtar Respublikada Elmlər Akademiyasının filialının yaranmasına əsas vermişdir.
80-cı illərdə biotexnologiya elminin intensiv inkişafını və onun üzvi kimya ilə bilavasitə əlaqəsini nəzərə alaraq Azərbaycan MEA Rəyasət Heyətinin qərarı ilə 1981-ci ildə M.Məmmədyarov MEA-nın Mikrobiologiya bölməsinə (indiki Mikrobiologiya İnstitutu) rəhbər təyin edilmiş, bu illər ərzində onun rəhbərliyi altında neft mikrobiologiyası və biotexnologiyası, mikrob mənşəli səthi-aktiv maddələrin alınması sahəsində bir çox mühüm nəticələr əldə edilmişdir.
Alimin təşəbbüsü ilə sektorun tədqiqat istiqaməti, o vaxtlar respublikada mikrobioloji sintez məhsulları istehsalının tamamilə olmadığı şəraitdə regional əhəmiyyətli mikrobioloji məsələlərin həllinə yönəldilmişdir.
Neft mikrobiologiyası sahəsində M.Məmmədyarovun rəhbərliyi ilə ilk dəfə neft laylarında mikrobioloji proseslərin modelləşdirilməsi həyata keçirilir ki, bu da müəyyən qrup mikroorqanizmlərin metabolik prosesləri nəticəsində laylardan neftin sıxışdırılmaqla, laylarda neftin hasilatını artırmaq üçün yeni yolların axtarılıb tapılmasına gətirib çıxarır. Alınmış nəticə mədən şəraitində sınaqdan keçirilmiş və "Azneft" İB tərəfindən tətbiq üçün qəbul edilmişdir. Bununla yanaşı, Abşeronun neftlə çirklənmiş torpaqlarından ayrılmış aktiv ştammların içərisində kultural məhlulların səthi gərilməsini 3 dəfə aşağı salan ştammlar müəyyən edilmişdir ki, bu da həmin məhlullardan ağır neft qalıqlarını yumaq üçün detergent kimi istifadə olunmasını təmin etmişdir.
Abşeronun neftlə çirklənmiş torpaqlarının biologiyasının tədqiqi akademik M.Məmmədyarova torpaqların öz-özünü təmizləməsi prosesini intensivləşdirmək məqsədilə mikroorqanizmlərin biogeokimyəvi fəaliyyətinin tənzimlənməsinin elmi əsaslarının işlənib hazırlamasına imkan verdi. Onun tərəfindən neftlə çirklənmiş torpaqların bərpası üçün təklif olunmuş üsul keçmiş SSRİ-nin Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinin gümüş və bürünc medalına layiq görülmüşdür.
M.Məmmədyarov 1986-ci ildə Çexoslovakiyada keçirilən beynəlxalq sərgidə müxtəlif fizioloji aktiv maddələrlə zəngin olan yem əlavələrinin alınmasının tullantısız biotexnologiyasının yaradılmasına görə birinci dərəcəli diploma və qızıl medala layiq görülmüşdür.
Aparılan elmi işlərin ölkəmiz üçün praktiki əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti 1994-cü ildə Mikrobiologiya bölməsinə institut statusunun verilməsi haqda sərəncam verdi. Həmin ildə alternativ müsabiqə əsasında aparılan seçkilərdə M.Ə.Məmmədyarov institutun ilk direktoru vəzifəsinə seçilmişdir.
Alimin elmi tədqiqatlarının nəticələri 5 monoqrafıyada, 500-ə qədər elmi məqalədə və 60-dan artıq ixtirada öz əksini tapmışdır. M.Məmmədyarov 6 elmlər doktoru və 21 elmlər namizədi yetişdirmişdir.
Akademik M.Məmmədyarovun yaradıcılığında elmi-təşkilatçılıq fəaliyyəti əhəmiyyətli yer tutur. O, 1975-1980-ci illərdə zərif üzvi sintez üzrə SSRİ EA-nın Elmi Şurasının üzvü, 1975-1980-ci illərdə Naxçıvan MR üzrə "Bilik" cəmiyyətinin sədri, ümumittifaq "Bilik" cəmiyyətinin təftiş komissiyasının üzvü, respublika "Bilik" cəmiyyətinin kimya və biologiya elmlərinin təbliği şöbəsinin sədr müavini, 1992-1993-cü illərdə "Neft kimyası" ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələrinin verilməsi üzrə Y.H.Məmmədəliyev adına NKPİ-də İxtisaslaşmış Şuranın sədri (hazırda İxtisaslaşmış Şuranın üzvüdür) vəzifələrində çalışmışdır.
M.Məmmədyarov dəfələrlə elmi məruzələrlə beynəlxalq, ümumittifaq və respublika səviyyəli konfranslarda çıxış edərək, elmin müxtəlif sahələrinə - ümumi və tətbiqi kimya, neft kimyası, kataliz, polimerlər, epoksid birləşmələri, ümumi biotexnologiya, kimya və neftkimya biotexnologiyasına aid maraqlı məlumatlar vermiş, ölkəmizi müxtəlif yığıncaqlarda, simpoziumlarda, qurultaylarda, Moskva, Leninqrad, Kiyev, Minsk, Riqa, Tbilisi, Alma-Ata, Düşənbə, Daşkənd və s. şəhərlərdə layiqincə təmsil etmişdir.
M.Məmmədyarov elmi-tədqiqat işləri ilə tanışlıq və təcrübə mübadiləsi məqsədi ilə bir sıra xarici ölkələrdə (Rusiya, Misir, Çexoslovakiya, Rumıniya, Meksika, Türkiyə, Fransa) elmi ezamiyyətdə olmuşdur.
Alim Azərbaycan SSR Dövlət Mükafatı Laureatı (1980), SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə faşist-alman işğalçıları ilə mübarizədə göstərdikləri cəsarət, möhkəmlik, şücaətə görə və 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 40 illiyi şərəfinə "I dərəcəli Vətən Müharibəsi" ordeni (1985), ətraf mühitin qorunması və təbiətdən istifadə problemləri sahəsində keçirilmiş baxış-müsabiqənin ən yaxşı işinin qalibi kimi respublika elmi-iqtisadi cəmiyyətinin İdarə Heyətinin Fəxri fərmanı (1987), "SSRİ-nın Silahlı Qüvvələrinin 70 ili" medalı (1988), Y.H.Məmmədəliyev adına medal (1995), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2005), İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının "Elm və texnologiya" mükafatı (2006), Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adı (2009), Y.H.Məmmədəliyev adına mükafat (2014), "Şərəf" ordeni (2014), "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" (2019) və digər mükafatlara layiq görülmüşdür.
Azərbaycanda elmin inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Sosial     Baxılıb: 655   Tarix: 02 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

5-ci övladını evdə dünyaya gətirən qadın xəstəxanaya yerləşdirildi

Yasamal rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, çağırış ünvanında 1991-ci il təvvəllüdlü

Anar Ələkbərov 'Qeyzer' sərgisində iştirak edib - FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində təqdim olunan "Qeyzer" müasir incəsənət sərgisində iştira

Bakıda binadakı yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətd

Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq

Təhsilalanlar və əcnəbilərlə də əmək müqaviləsi bağlanıla biləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, təhsilalanla

Həmin şəxslər bu ölkələrə vizasız gedə biləcək

"Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağl

Yasamalda binadakı yanğın məhdudlaşdırılıb

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərha

Sosial yardıma ayrılan vəsait 4 dəfə artırılıb

Ünvanlı dövlət sosial yardımı 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata qədər yüksəlib, bu da son 7 il ərzində 4,3 dəfə artım deməkdir. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Ana

Azərbaycanda su sayğacları dəyişdiriləcək

Azərbaycanda 110 min su sayğacı dəyişdiriləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsin

Şuşa bu gün... - FOTOLAR

Şuşaya mövsümün növbəti qarı yağıb, dağlar gözəli yenidən ağ örpəyə bürünüb. AzərTAC-a istinadən xəbər verir ki, yağan qar şəhərin gözəlliyinə xüsusi çalar qatıb. Hazırda yağıntı davam edir. Yenidən ağ örpəyə bürünən Şuşada


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun maşın realiti şou valyuta məzənnələri cəbhədən son məlumat