Estoniya Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini bağlayır: SƏBƏBLƏR

Estoniya Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini bağlayır: SƏBƏBLƏREstoniya dekabrın 1-dən Rusiya ilə fəaliyyətdə olan üç avtomobil sərhəd-keçid məntəqəsini – Narva, Koidula və Luhamaanı bağlamağa hazırlaşır. Bu qərara səbəb Estoniyanın müdafiə sənayesi müəssisələrindən birinə qarşı törədilməsinə cəhd göstərilən diversiya aktıdır. Söhbət Ukrayna üçün də kəşfiyyat və zərbə dronları istehsal edən "Threod Systems" şirkətindən gedir.
Estoniya xüsusi xidmət orqanlarının məlumatına görə, hücumun arxasında Rusiyanın hərbi kəşfiyyatı – QRU dayanır.
Hadisə noyabrın 14-də, şənbə gecəsi saat 03:06-da Tallin yaxınlığındakı Viimsi bölgəsində baş verib. Estoniya Mühafizə Polisinin (KaPo) baş direktoru Marqo Pallosonun sözlərinə görə, hücumçular müəssisənin pəncərələrini sındırmağı, içəriyə yanan maye tökməyi, yanğın və partlayış törətməyi planlaşdırıblar. Lakin mühafizə əməkdaşlarının vaxtında müdaxiləsi və hüquq-mühafizə orqanlarının əməliyyatı nəticəsində planın qarşısı alınıb.
"Real ziyan pəncərələrin sındırılması cəhdi ilə məhdudlaşdı. Lakin hücumçuların niyyəti daha geniş idi – onlar binanı yandırmaq və içəridə partlayış törətmək istəyirdilər", – Palloson Estoniyanın ETV+ telekanalına bildirib.
Onun qiymətləndirməsinə görə, hücum baş tutsaydı, müəssisəyə son dərəcə ciddi ziyan dəyə bilərdi. Hadisə nəticəsində heç kim xəsarət almayıb, istehsal gücləri və dronların təchizatı da pozulmayıb.
Ümumilikdə səkkiz Latviya vətəndaşı saxlanılıb. Estoniyanın ictimai yayım qurumu ERR-in məlumatına görə, onlardan beşi artıq həbs edilib.
Baş Prokurorluq şübhəlilərin həbsdə saxlanılması üçün məhkəməyə vəsatət təqdim edildiyini açıqlayıb. Xarici kəşfiyyat orqanının tapşırığı ilə Estoniyanın təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə təqsirli bilinən şəxsləri iki ildən 12 ilədək həbs cəzası gözləyə bilər.
Dövlət prokuroru Astrid Asi bildirib ki, istintaq hücum iştirakçılarının konkret rollarını, əməliyyatın təşkilatçılarını və onların digər şəxslərlə mümkün əlaqələrini müəyyənləşdirir.
"Öz ölkələrində obyektlərə hücum edən şəxsləri müəyyənləşdirmək daha asandır. Buna görə də onları başqa ölkələrdə işə cəlb etməyə çalışırlar. Bu baxımdan Latviya digər Avropa ölkələrindən fərqlənmir", – deyə Asi izah edib.
Qeyd edək ki, saxlanılanlar arasında Estoniyanın digər müdafiə sənayesi müəssisəsi – quru robototexnika kompleksləri istehsal edən "Milrem Robotics" şirkətinə qarşı avqust ayında törədilmiş yandırma hadisəsində iştirak edən şəxslər də var. Sentyabrda KaPo həmin hadisənin də Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirildiyini bildirmişdi.
Diversiya əvvəlcədən məlum olub
Bu dəfə mümkün hücumun qarşısı əvvəlcədən əldə edilmiş məlumat sayəsində alınıb. Latviya Dövlət Təhlükəsizlik Xidməti (VDD) noyabrın 13-14-də Estoniyadakı həmkarlarına hazırlanan diversiya barədə məlumat verdiyini açıqlayıb. Bundan sonra iki ölkənin xüsusi xidmət orqanları birgə əməliyyata başlayıb.
Noyabrın 14-də Latviya təhlükəsizlik qüvvələri şübhəlilərlə əlaqəli doqquz ünvanda axtarış aparıb. Əməliyyat zamanı partlayıcı maddələr, pirotexniki vasitələr, döyüş sursatları, çoxsaylı mobil telefonlar və elektron məlumat daşıyıcıları müsadirə edilib.
Latviya əks-kəşfiyyatının qiymətləndirməsinə görə, 2026-cı ildə Rusiya xüsusi xidmət orqanları Avropada diversiya aktları törətmək üçün üçüncü ölkələrin vətəndaşlarını getdikcə daha fəal şəkildə cəlb edir. Belə sxemlər icraçıların Rusiya sifarişçiləri ilə əlaqəsini gizlətməyə, eyni zamanda beynəlxalq cinayətlərin araşdırılmasını çətinləşdirməyə imkan verir.
Palloson bildirib ki, KaPo Estoniyanın təxminən on müdafiə sənayesi müəssisəsinə qarşı Rusiyanın planları barədə məlumata malikdir.
"Rusiya terror üsullarında getdikcə daha təhlükəli olur. Əgər üç il əvvəl əsasən vandalizm aktları müşahidə edirdiksə, indi müdafiə sənayesinə real ziyan vurmaq məqsədilə yandırma və partlayış cəhdləri ilə üzləşirik", – deyə xüsusi xidmət orqanının rəhbəri vurğulayıb.
Bununla belə, Palloson əks-kəşfiyyatın belə hücumların hazırlanmasından nə qədər əvvəl xəbər tutduğunu və Rusiya agentləri barədə məlumatı hansı üsullarla əldə etdiyini açıqlamayıb.
Tallin Moskvaya təzyiqi artırır
Estoniyanın baş naziri Kristen Mixal hücum cəhdini Moskvanın Ukraynaya Avropa dəstəyini zəiflətmək cəhdləri ilə əlaqələndirib. Onun sözlərinə görə, hakimiyyət müdafiə sənayesi müəssisələrini mümkün diversiya təhlükələri barədə əvvəlcədən xəbərdar edib, "Threod Systems" isə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı tövsiyələri yerinə yetirib.
"Rusiyanın məqsədi bizi qorxutmaq, şübhəyə salmaq və Ukraynaya dəstəyimizi zəiflətməkdir. Estoniyanın cavabı isə bunun əksi olacaq. Biz təhlükəsizliyimizi gücləndirəcək, müəssisələr və müttəfiqlərlə əməkdaşlığı genişləndirəcək, Rusiyaya təzyiqi artıracaq və Ukraynaya dəstəyi davam etdirəcəyik", – deyə baş nazir bəyan edib.
Daxili işlər naziri İqor Taro bildirib ki, hökumət gələn həftə Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrinin həm piyadalar, həm də nəqliyyat vasitələri üçün bağlanması məsələsini müzakirə edəcək. Estoniya Xarici İşlər Nazirliyi artıq dekabrın 1-ni mümkün bağlanma tarixi kimi açıqlayıb. Bununla belə, məhdudiyyətlərin müddəti də daxil olmaqla, hökumətin yekun qərarı hələ rəsmiləşdirilməlidir.
Hazırda Narva sərhəd-keçid məntəqəsindən yalnız piyadaların istifadəsinə icazə verilir. Koidula və Luhamaa keçid məntəqələrindən isə avtomobillərlə də sərhədi keçmək mümkündür. Hər üç məntəqə saat 07:00-dan 19:00-dək fəaliyyət göstərir. Mövcud məhdudiyyətlər son illər ərzində mərhələli şəkildə tətbiq olunub.
Taro Rusiyada olan Estoniya vətəndaşlarına, eləcə də bu ölkəyə səfər etmiş yük maşını sürücülərinə xəbərdarlıq edib ki, alışdıqları marşrutla geri qayıtmaq üçün təxminən iki həftə vaxtları qalıb.
"Bundan sonra evə qayıtmaq yolu uzun və çətin ola bilər. Bu addımla təhlükəsizlik risklərini və sanksiyalardan yayınma imkanlarını əlavə olaraq azaldacaq, eyni zamanda təcavüzkar dövlətə düşmənçilik hərəkətlərinin nəticələri və öz qiyməti olduğunu nümayiş etdirəcəyik", – deyə nazir bildirib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna isə sərhəd-keçid məntəqələrinin bağlanmasının Rusiya xüsusi xidmət orqanlarının Estoniya ərazisində əməliyyatlar aparmaq imkanlarını məhdudlaşdırmalı və beynəlxalq sanksiyalardan yayınma hallarının qarşısını almalı olduğunu bildirib.
"Sərhəd-keçid məntəqələrini bağlamaqla Kremlə aydın mesaj göndəririk: Rusiyanın düşmənçilik hərəkətlərinin öz qiyməti var. Rusiya nə qədər aqressiv davranırsa, onun manevr imkanları bir o qədər azalır", – deyə Tsahkna vurğulayıb.
Nazirin sözlərinə görə, planlaşdırılan məhdudiyyətlər barədə Latviya, Litva, Finlandiya və Avropa İttifaqının digər tərəfdaşları artıq məlumatlandırılıb. O, bazar ertəsi Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı sanksiyaların və viza siyasətinin daha da sərtləşdirilməsinə nail olmağa çalışacaq.
Moskva isə Avropa ölkələrinin diversiyaların təşkilində Rusiya xüsusi xidmət orqanlarını ittiham etməsini rədd edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Estoniya sərhədinin mümkün bağlanmasını şərh edərkən TASS-a bildirib ki, belə qərar "aqressiv və cilovlanmamış rusofobiyanın" növbəti təzahürü olacaq.
Beləliklə, Estoniyanın müdafiə sənayesi müəssisəsinə qarşı qarşısı alınmış bir hücum cəhdi Rusiya ilə sərnişin və avtomobil əlaqəsini faktiki olaraq dayandıra biləcək qərarın qəbuluna gətirib çıxarıb.
İndi isə cavabını gözləyən başqa bir sual var: Rusiya ilə sərhədin bağlanması Estoniyaya, eləcə də Latviya vətəndaşlarına bənzər diversiya cəhdlərinin qarşısını almaqda nə dərəcədə kömək edəcək? Axı iddia olunan sifarişçilər sərhədin o biri tərəfində, icraçılar isə artıq Avropa ölkələrinin özündə fəaliyyət göstərirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 16 noyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna


azerbaycan xeberleri son xeberler yeni xeberler xabarlar butun xeberler ən son xəbərlər bugün sou xeberler