Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımızı asanlaşdırsa da, bizi getdikcə hərəkətsizliyə məhkum edir. Mütəxəssislər hərəkətsizliyin bioloji qocalma proseslərini sürətləndirdiyini iddia edirlər.
Bəs fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir?
KONKRET.az xəbər verir ki, Terapevt Gülşən Məmmədova bildirir ki, uzun müddət oturaq qaldıqda orqanizmdə proseslər mənfiyə doğru dəyişir:
"Oturaq həyat tərzində məsələ yalnız az kalori sərf etməyimizlə bitmir. Əzələlərin yığılması azalır, qlükozanın mənimsənilməsi zəifləyir və lipid mübadiləsi pozulur. Əzələ işləmədikcə yağları parçalayan LPL (lipoprotein-lipaza) fermentinin fəaliyyəti kəskin düşür, bədən daha çox insulin ifraz etməyə məcbur olur. Bu da zamanla insulin müqavimətinə, qarın nahiyəsində, qaraciyərdə piylənməyə və diabetə yol açır. Hərəkətsizliyin yaratdığı xroniki iltihab və oksidativ stres bioloji qocalmanın əsas göstəricilərindən olan telomerlərin qısalmasını tətikləyir. Araşdırmalar fiziki aktiv insanlarda telomerlərin daha uzun olduğunu göstərir. Lakin bu, az hərəkət edənin hüceyrəsi dərhal qocalır demək deyil. Söhbət illərlə toplanan metabolik yükdən gedir".
Həkim addım sayı ilə bağlı aparılan son elmi tədqiqatlara da diqqət çəkir:
"2025-ci ildə 57 tədqiqatı əhatə edən sistematik icmala əsasən, gündə təxminən 5000-7000 addım atmaq sağlamlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Məsələn, gündə 2000 addım atanlarla müqayisədə 7000 addım atan şəxslərdə ümumi ölüm riski 47%, ürək-damar xəstəlikləri riski isə 25% aşağı düşür. Yəni populyar olan "gündə 10 000 addım" sehrli rəqəm deyil. Əsas məsələ gün ərzində hərəkətliliyi artırmaqdır".
Ayaqlardakı əzələlərin funksiyasına toxunan terapevt vurğulayır ki, yeriyəndə əzələlər "ikinci ürək" rolunu oynayır:
"Baldır əzələlərinin yığılması venalarda olan qanı yuxarı, ürəyə doğru itələyir. Hərəkətsiz qaldıqda bu əzələ pompası zəifləyir, aşağı ətraflarda venoz durğunluq artır. 2024-cü ildə dərc olunmuş 31 tədqiqatı əhatə edən meta-analizdə oturaq davranışın venoz tromboemboliya (qan laxtalanması) ilə birbaşa əlaqəsi göstərilib. Oturulan hər əlavə saat riskin artması deməkdir. Sümük passiv toxuma deyil. Üzərinə düşən fiziki yükə uyğun olaraq yenilənir. Yerimə və əzələ yığılması sümüyə "möhkəm qal" siqnalı verir. Yük azaldıqda isə sümük kütləsi itirilir".
Mütəxəssisin sözlərinə görə, əvvəllər yalnız yaşlılarda görünən metabolik fəsadlar xeyli gəncləşib:
"Artıq 20-25 yaşlı gənclərdə artıq çəki ilə yanaşı insulin müqaviməti, prediabet, II tip diabet, yüksək təzyiq, qaraciyər piylənməsi, bel-boyun ağrıları və xroniki qəbizlik kimi problemlərlə qarşılaşırıq. Xüsusilə gənc yaşda başlayan II tip diabet daha böyük təhlükə saçır. Son elmi icmallar göstərir ki, gənclərdə bu xəstəlik yaşlılara nəzərən daha aqressiv gedir. Çünki insan nə qədər tez xəstələnirsə, diabetin yarada biləcəyi damar, böyrək və digər ağır fəsadların təsiri altında bir o qədər uzun illər qalmalı olur. Əlbəttə, bunun tək səbəbi hərəkətsizlik deyil. Genetika, yanlış qidalanma, yuxusuzluq və stress də böyük rol oynayır. Lakin oturaq həyat tərzi bütün bu risk faktorlarını daha da tətikləyir".
Həkim qocalma mexanizmini ləngitmək və sağlamlığı qorumaq üçün öz formulunu da bizimlə bölüşür:
"Düsturumuz sadədir: Daha çox addım, daha az fasiləsiz oturma, həftədə ən azı iki dəfə əzələ yükü. Gündəlik məqsəd kimi 7000-8000 addım yaxşı hədəfdir. Amma hazırda 2000-3000 addım atan birinə birdən "10 min addım at" deməyin mənası yoxdur. İlkin məqsəd göstəricini hər gün 1000-2000 addım artırmaqdır. İkinci qaydam 30-60 dəqiqədən artıq fasiləsiz oturmamaqdır. Gündə bir saat idman edib qalan 10-12 saatı oturmaq da fayda vermir. Telefonla danışanda ayağa qalxmaq, liftdən bir-iki mərtəbə əvvəl düşmək, yaxın marketə piyada getmək günün sonunda böyük fərq yaradır. Üçüncü qayda isə həftədə ən azı iki dəfə əzələ gücləndirən hərəkətlər etməkdir. Texnologiyanı düşmən elan etmək lazım deyil".
Oturaq həyat tərzinin fəsadları yalnız fiziki sağlamlıqla bitmir. Məsələnin görünməyən tərəfi psixologiyamızdır.
Hərəkətsizliyin ruhi sağlamlığımıza və davranışlarımıza təsirini psixoloq Aysel Qafarova belə izah edir:
"Texnologiyanın təqdim etdiyi komfort gündəlik fəaliyyətimizi sıfırlayaraq hərəkətsizliyi artırır. Bu passivlik insanı cəhd eləməkdən uzaqlaşdırır, maraq dairəsini daraldır və birbaşa məqsədsizliyə gətirib çıxarır. Məqsədsiz qalan fərd zamanla tənbəlləşir, özünəinamını itirir və depressiyaya sürüklənir ki, bu da mental sağlamlığa ağır zərbədir. İnsan beyni hər gün təkrarladığı əməliyyatlara tez vərdiş edir. Bir kliklə, yerindən tərpənmədən istədiyinə çatmaq beynin "zəhmətsiz mükafatlara" öyrəşməsi deməkdir. Nəticədə daha çox səy tələb edən işlər öz cəlbediciliyini itirir. Dopamin sisteminin əsasında "istə, axtar, əldə et və təkrarla" mexanizmi dayanır. Texnologiya bu dövrəni fasiləsiz işlədərək anlıq həzz istəyini artırır. Bunu real həyatda ala bilmədikdə isə insanda səbirsizlik və ya kəskin passivlik baş qaldırır".
Ekspert vurğulayır ki, həyat tərzindən və xarakterdən asılı olaraq, hərəkətsizlik depressiya, xroniki yorğunluq və ya həyəcan pozuntusunu tətikləyə bilər:
"Melanxolik xarakterli şəxslər üçün bu vəziyyət artıq adət olunmuş həyat tərzinə çevrilir. Fiziki aktivlik bədənlə beyin arasındakı harmoniyanı qoruyur. Hərəkət azaldıqda isə enerji mübadiləsi, yuxu keyfiyyəti və stressə dözümlülük zəifləyir, insan özünü daim yorğun, həvəssiz və narahat hiss edir. Digər tərəfdən, vacib psixoloji ehtiyaclarımızdan olan sosial münasibətlər artıq canlı təmasdan ekran müstəvisinə keçib. Sosial şəbəkələrdə asılılığın artması tənhalıq hissini də dərinləşdirir". /"Kaspi"/

Sağlamlıq       Tarix: 14 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər cəbhədən ən son xəbərlər en son xeberler bu gun hava durumu