Xərçəngin ilkin əlamətləri: Hansı dəyişikliklərə diqqət yetirməliyik?
İnsan orqanizmində baş verən bəzi dəyişikliklər ciddi xəstəliklərin, o cümlədən onkoloji problemlərin ilkin əlaməti ola bilər. Uzun müddət davam edən öskürək, səbəbsiz temperatur, sidikdə və ya nəcisdə qan, eləcə də bədəndə yaranan qeyri-adi dəyişikliklər diqqətdən kənarda qalmamalıdır. Xüsusilə ağrının olmaması insanı arxayınlaşdırmamalıdır. Çünki bəzi xərçəng növləri ilkin mərhələlərdə heç bir aşkar əlamət vermədən inkişaf edir.
Bəs mümkün onkoloji xəstəliyi vaxtında aşkar etmək üçün hansı simptomlara diqqət yetirmək lazımdır? Hansı hallarda mütləq həkimə müraciət edilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, xərçəng xəstəliyi demək olar ki, orqanizmin müxtəlif orqanlarında yarana bilər və onun əlamətləri də şişin yerləşdiyi nahiyədən asılı olaraq dəyişir.
Onun sözlərinə görə, məsələn, ağciyər xərçənginin ilkin əlamətləri arasında uzun müddət davam edən öskürək, öskürək zamanı qan gəlməsi və tənəffüs sistemində yaranan dəyişikliklər yer alır:
"Əgər öskürək bir həftədən, 10 gündən artıq davam edirsə və ya iki həftəni keçirsə, mütləq həkimə müraciət etmək lazımdır. Öskürək zamanı qan gəlməsi də ciddi siqnaldır və müayinədən keçməyi tələb edir".
Onkoloq qeyd edib ki, ağrının olmaması onkoloji xəstəliyin olmadığı anlamına gəlmir. Əksinə, ağrı bir çox hallarda xəstəliyin daha gec mərhələlərində meydana çıxır. Buna görə də insanların yalnız ağrı və ya digər ciddi şikayətlər yarandıqdan sonra həkimə üz tutması düzgün yanaşma deyil.
Həkimin sözlərinə görə, uzun müddət davam edən və dərman qəbuluna baxmayaraq keçməyən temperatur da diqqət tələb edən əlamətlərdəndir. Xüsusilə 15-20 gün davam edən qızdırma zamanı səbəbi araşdırmaq, zəruri müayinələrdən keçmək vacibdir. Belə hallarda qan xəstəlikləri və digər onkoloji problemlər də nəzərə alınmalıdır.
Fərid Museyibov sidikdə və nəcisdə qan görünməsinin də ciddi siqnal olduğunu vurğulayıb. O. bildirib ki, sidikdə qan aşkarlandıqda sidik kisəsi və sidik yolları ilə bağlı xəstəliklər, o cümlədən onkoloji problemlər araşdırılmalıdır. Nəcisdə qan isə bağırsaq xəstəliklərinin əlaməti ola bilər. Bununla belə, hər iki halda qanaxmanın səbəbi müayinə nəticəsində müəyyənləşdirilməlidir. Çünki hemorroy və iltihabi proseslər də bu cür hallara səbəb ola bilər.
Həkim-onkoloq vaxtında diaqnoz üçün profilaktik müayinələrin əhəmiyyətinə də toxunub. Onun fikrincə, insanlarda hər hansı şikayətin olmaması müayinələrdən yayınmaq üçün əsas sayılmamalıdır. O, il ərzində bir-iki dəfə həkim müayinəsindən keçməyi, ehtiyaca uyğun ultrasəs müayinəsi və ümumi qan analizi etdirməyi tövsiyə edib.
Müsahibimiz onkoloji xəstəliklərin riskini azaltmaq üçün həyat tərzinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tütün və tütün məmulatlarından, o cümlədən son dövrlər gənclər arasında geniş yayılan elektron siqaretlərdən uzaq durmaq lazımdır. Ultraemal olunmuş ət məhsullarının və şəkərli içkilərin istehlakının məhdudlaşdırılması, müntəzəm fiziki aktivlik də sağlamlığın qorunmasında mühüm rol oynayır.
Onkoloq həftədə iki-üç dəfə idmanla məşğul olmağı tövsiyə edərək bildirib ki, sağlam həyat tərzi bir sıra onkoloji xəstəliklərin yaranma riskinin azaldılmasına kömək edir.
Qeyd edək ki, sadalanan əlamətlərin heç biri özlüyündə xərçəng diaqnozu demək deyil. Lakin davamlı və səbəbi bilinməyən dəyişikliklər zamanı vaxt itirmədən həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz bir çox onkoloji xəstəliklərin müalicəsində uğur şansını artırır.
Aynurə İsmayıl
KONKRET.az

Azərbaycanda palçıq vulkanı püskürdü
ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA
Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı
Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
"Sabah" - "Barselona" matçının ən yaxşısı odur
Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza
Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib
Prezidentdən xarici ölkələrə ixracla bağlı - Fərman
Mbappe əfsanəvi Ronaldonu geridə qoydu
Trampla Putinin görüşündən sonra onlarla danışıb
Xaçmazda evdən meyit tapıldı
Misirdə yanacaq daşıyan maşın partladı - 20-dən çox insan həlak oldu