ABŞ-da işləyən azərbaycanlı həkim: "Peyvəndin hazırlanmasına bir neçə il vaxt lazımdır" - FOTO
Azərbaycanda pandemiya ilə mübarizə istiqamətində görülən tədbirlər davam edir. Son bir həftəyə qədər gündəlik yoluxma sayı 500-dən çox idisə, bu həftə rəqəmlər 400-dən aşağı olub. Təbii ki, bu, tətbiq edilən karantin rejiminin nəticəsi kimi qiymətləndirilə bilər.
Bəs, görəsən, ümumiyyətlə, bu virus nə zaman bitəcək? Bütün hallarda hamı bu virusa yoluxacaq, ya yox? Müəyyən müddət keçdikcə mutasiyaya uğrayan COVID-19 nə dərəcədə təhlükəli forma ala bilər? Payızda koronavirusun ikinci dalğası başlayarsa, bunun qarşısını almaq mümkün olacaqmı?
Bu və digər suallarımıza cavab almaq üçün beş ilə yaxındır ABŞ-da yaşayan daxili xəstəliklər üzrə rezident-həkim İmanlı Həsən Pənah oğlu ilə həmsöhbət olduq.
Milli.Az oxu.az-a istinadən ABŞ-ın "University of Maryland Medical Center" xəstəxanasında koronaviruslu xəstələrlə çalışan gənc həkimlə müsahibəni təqdim edir:
- Əvvəlcə bilmək istərdim, Azərbaycandakı vəziyyəti izləyirsinizmi? Elədirsə, ABŞ-dakı vəziyyətlə müqayisəli şərh etməyinizi xahiş edirəm.
- Bəli, izləyirəm. ABŞ-da son bir aydır ki, gün ərzində 50-70 min yeni yoluxma qeyd edilir. Bir ay əvvələ qədər isə bu rəqəm təxminən 20 min olub. Təbii ki, Amerika böyük ölkədir, hər ştatın statistikası fərqlidir. Məsələn, Nyu-Yorkda yoluxma sayı pik həddə çatıb, artıq eniş mərhələsindədir. Ondan fərqli olaraq, Florida ştatında bir ay əvvəl gündəlik yoluxmaların sayı min olubsa, indi sutkalıq qeydə alınan yoluxmaların sayı 10-12 minə çatır. Bu dinamika yüksəlməkdə davam edir. Azərbaycanda isə rəqəmlər əvvəllər 50-100 olduğu halda, iyun ayının əvvəlindən etibarən yüksəlməyə başlayıb və son bir aydır ki, gündəlik təxminən 500 yoluxma halı müşahidə edilir (son günlərdə 400-ün altına düşüb). Artıq bu, stabil yoluxma sayına çevrilib deyə bilərik. 10 milyon əhalisi olan Azərbaycanda cəmi koronaviruslu xəstə sayı təxminən 25 min olduğu halda, 200 milyonluq əhalisi olan Amerikada xəstə sayı 3,5 milyondur.
Əgər Amerikanın əhalisi 10 milyon olsaydı, xəstə sayı nisbətlə 175 min olardı. Yəni, müqayisə etsək, virusun yayılması Amerikada Azərbaycandan yeddi dəfə çoxdur. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri Amerikada testlərin daha geniş tətbiq edilməsidir. Bir başqa səbəb isə Amerikada karantin rejiminin Azərbaycanla müqayisədə daha yumşaq olması və son bir ay ərzində daha da yumşaldılmasıdır. Son vaxtlarda yoluxma sayının artmasının səbəblərindən biri budur. Həmçinin Azərbaycanda xəstəliyə yoluxmuş insanları simptomları yüngül belə olsa, mümkün olduqca izolyasiya etməyə çalışırlar ki, bu, çox doğru addımdır. Amerikada isə yüngül simptomları olanların evdə karantinə qalmağı təşviq edilir. Nəzarət olmadığı üçün bu, ideal variant deyil.
- COVID-19-un konkret simptomu yoxdur. Hərarət isə bir çox səbəblərdən ola bilər. Xəstəlik ilkin dövrlə müqayisədə mutasiyaya uğrayıb və bu, çətinliyi daha da artırır. Necə düşünürsünüz, diaqnostika zamanı daha çox nəyə diqqət edilməlidir?
- Bəli, digər bir çox soyuqdəymə və qrip kimi, bu SARS-2 koronavirusunun səbəb olduğu COVID-19 xəstəliyinin spesifik, yəni özünəməxsus simptomu yoxdur. Bildiyiniz kimi, "Diamon Princess Cruise" gəmisində 3 711 sərnişindən 712 koronaviruslu (COVID-19) xəstə aşkar olundu. Bunların yarısında simptom olmadı. Yəni koronavirusa yoluxan xəstələrin 50%-də heç bir simptom olmur. Məhz bu xəstələr virusun yayılmağında əsas rol oynayır. Təsəvvür edin ki, dostunuzla əylənir, söhbət edirsiniz və dostunuz COVID-19 xəstəsidir. Siz isə bundan xəbərsizsiniz. Avtomatik olaraq siz yoluxmuş olursunuz. Virus sizə keçir və bu xəstəliyi simptomsuz keçirəcəyinizə dair ehtimal 50%-dir. 30% ehtimal olunur ki, siz xəstəliyi yüngül simptomlu keçirəcəksiniz, 15% ehtimal isə xəstəliyin özünü orta şiddətli simptomlarla büruzə verməsidir. Bu halda həkimə müraciət etməlisiniz. Digər 5% ehtimal isə sizin bu virusu ağır dərəcədə və xəstəxananın reanimasiya şöbəsində keçirəcəyinizdir. Əgər diabet, ürək-damar və ağciyər patologiyaları kimi başqa xəstəliyiniz varsa, ya da siqaret çəkənsinizsə (Azərbaycanda kişilərin 35%-i aktiv siqaret çəkəndir), COVID-19 xəstəliyini sağlam insanlarla müqayisədə daha şiddətli keçirmə riskiniz yüksəkdir.
Burun axması, quru öskürək, boğaz ağrısı, ürəkbulanma və qusma, ishal, təngnəfəslik ən çox görülən simptomlardır.
Belə qeyri-spesifik simptomlar hətta simptomsuz yoluxmalara səbəb olan pandemiyalar zamanı diaqnostikada ideal variant bütün əhalini tez bir zamanda test etmək, təsdiqlənmiş xəstələri və onların kontaktda olduqları şəxsləri toplumdan təcrid etmək, kontaktda olanları bir-iki həftə sonra yenidən test etməkdir. Yalnız bu şəkildə xəstəliyin yayılmasının qarşısını almaq olar. İdeal variant olsa da, təəssüf ki, hər zaman bunların tətbiqi mümkün olmur. Çünki virusa qarşı testlərin hazırlanması həftələr və aylar çəkə bilir. Dünyanın ən zəngin ölkələrindən olan Amerikada belə tez-tez test çatışmazlığı olur. Əgər limitli sayda test varsa, o zaman, ilk növbədə, simptomlu xəstələri yoxlamaq lazımdır. Beləcə, xəstələri və onların kontaktda olduqları şəxsləri təyin etmək olar.
- Hazırda Azərbaycanda COVID-19 infeksiyasının təyin edilməsi üçün PCR testlərindən istifadə edilir. Bu testlərin dəqiqliyi, doğrudan da, 80-90 faizdirsə, nə üçün bir şəxs ard-arda iki gün test verir və birində neqativ, digərində pozitiv cavab alır?
- SARS-2 koronavirusu tək sıralı RNT virusudur. Bu virusun üzərində "Spike-protein" dediyimiz zülal var ki, həmin zülal insan hüceyrəsinin divarında olan ACE-2 zülalı vasitəsilə hüceyrəyə daxil olur. ACE-2 zülalı bədəndə bir çox yerlərdə mövcuddur. Məsələn, burun seliyi, boğaz, aşağı tənəffüs yolları, yəni traxeya, bronxlar, bronxiollar və ağciyərdə, eləcə də ürək, böyrək, mədə-bağırsaq sistemində də mövcud ola bilər. Virus hüceyrəyə daxil olduqdan sonra genini hüceyrəyə buraxır. Bu gen virusun çoxalmasını təmin edən, kodlaşdıran gen hesab olunur. Beləcə də, hüceyrə öz funksiyasını atıb minlərlə, milyonlarla virusun surətini çıxarır və tələf olur. Bu simptomlar ilkin yoluxmadan təxminən 3-14 gün sonra ortaya çıxır ki, biz bu müddətə virusun inkubasiya dövrü deyirik.
PCR (Polimerase Chain Reaction - Polimeraz Zəncir Reaksiyası) testi isə bu şəkildə aparılır: xəstənin burun və boğazından ucu pambıqlı çubuqla nümunə götürülüb, məhlulda həll edilir. Sonra üzərinə lazım olan maddələr və virusa spesifik nümunə genlər əlavə edilir. Əgər virus bu məhlulda varsa, onun genlərinin surəti çıxarılacaq. Bəzən xəstədə virus olduğu halda test mənfi çıxa bilir. Buna yalançı neqativlik deyirik. İki ay əvvəl aparılan bir tədqiqatda müəyyən edilib ki, COVID-19 xəstələrində PCR testinin yalançı neqativlik faizi simptomların başladığı gündən beş gün əvvəl 100%-dir, simptomların başladığı gün 40-a, üç gün sonra isə 20%-ə düşür. Səbəb odur ki, ilkin mərhələdə virusun sayı azdır, gün keçdikcə sayı artır və yalançı neqativlik azalır. Ancaq bir müddət sonra immunitet bu virusla vuruşmağa başlayır və virusun sayı yenidən azalır. Yenə həmin tədqiqata görə, simptomların başlamasından iki həftə sonra yalançı neqativlik yenidən yüksələrək, 66%-ə qalxır. Virusun çoxalmağı eksponensial olduğu üçün bir gün ərzində virusların sayı test ilə müəyyən edilə bilən səviyyəyə çata bilir. Ona görə, birinci testi mənfi olan xəstələrdə sübhə varsa, bir gün sonra yenidən test edilir.
- Ümumiyyətlə, bu virusun yayılma sürəti, təəssüf ki, may ayından sonra artıb. Yoluxma sayının dinamikası gündəlik 500-ə çatsa da, son həftə ərzində yenidən azalma müşahidə edilir. Necə düşünürsünüz, hər kəs bu virusa yoluxacaqmı?
- Belə bir yüksək yayılma potensialı olan və gizli yayılan virus ilk zamanlar çox sürətlə yayılır. Yəni müqayisə üçün deyim ki, mikrobiologiyada R0 (R-sıfır) deyilən məfhum var. Bu, patogenin yayılma sürətidir. Bildiyimiz qripin yayılma sürəti 2-3-dür, yəni bir qrip xəstəsi ortalama 2-3 insana bu xəstəliyi yoluxdura bilər. Qızılca xəstəliyində bu rəqəm 12-18-dir. SARS-2 koronavirusunda isə 5-6 olaraq götürülür. Bu, o deməkdir ki, bütün insanları bir yerə yığsanız və oraya bir koronaviruslu xəstə qoysanız və bir xəstənin beş nəfəri yoluxdurma gücünə malik olduğunu qəbul etsəniz, təxminən hər xəstənin yoluxdurabilmə günü ortalama yeddi gün qəbul edirik. Bu dinamika ilə xəstə sayı hər həftə 1-5-25-125-625-3000-15000-75000-375000 və s. eksponensial şəkildə artacaq. Yəni dörd həftə sonra bu rəqəmlər 1-dən 600-ə, 8 həftə sonra isə təxminən 375 minə çıxacaq. Hazırkı məqsəd bu eksponensial artımın sürətini sosial məsafə, karantin, universal maska və şəxsi gigiyenaya nəzarət etməklə azaltmaqdır. O vaxta qədər ki, effektiv vaksin istehsal edilsin və effektiv müalicə üsulları tapılsın. Sualınıza cavab olaraq, bəli, ehtimal var ki, hamı bu xəstəliyə əvvəl-axır yoluxsun, ancaq vaksin tapılsa, hər kəs yoluxmayacaq.
- Karantin rejimi artıq aylardır davam edir. Lakin təəssüf ki, gözlənilən nəticəyə nail olmaq çətindir. Sizcə, buna səbəb nədir?
- Karantin yoluxma sürətini azaldan vasitələrdən biridir. Ancaq bu tədbirlərin təkcə tətbiq edilməsi kifayət etmir. Mükəmməl karantin evdən qətiyyən çölə çıxmamaqdır. Təəssüf ki, bunu çox kiçik qrup insana tətbiq etmək olar. Məsələn, bir xəstəxananı karantin zonasına çevirərək, 500 xəstəni ora yığıb bir ay karantində saxlamaq. O şərtlə ki, onların bütün minimal ehtiyacları təmin edilsin. Beləcə, xəstəlik orada yayılır və bitir. Ancaq milyonlarla əhalisi olan ölkədə bunu tətbiq etmək qeyri-mümkündür. Yəni insanların zəruri ehtiyacları var ki, bunun üçün çölə çıxmalıdırlar. Əgər bütün Azərbaycan əhalisi hamı bir nəfər kimi qida ehtiyatı hazırlayıb, üç həftə evdən çölə çıxmasa, eləcə də ölkəyə giriş-çıxış qadağan edilsə, bu virusun Azərbaycanda kökünü kəsmək olar.
Ancaq bu da mümkün deyil, təəssüf ki. Karantin vaxtı ölən olacaq, yeni doğulan olacaq, koronavirusdan, ya da basqa xəstəliklərdən (məsələn, infarkt, insult və s.) ölənlər olacaq, fövqəladə hadisələr ola biləcək (məsələn, yanğın, uçqun və s.). Bu səbəbdən gərək xəstəxanalar işləsin, polislər, yanğınsöndürənlər, enerji strukturlarında çalışanlar iş başında olsunlar. Bunlar karantinin tam anlamı ilə tətbiq olunmağına mane olan ciddi amillərdir. Ancaq bütün hallarda bu, o demək deyil ki, karantin tətbiq edilməməlidir və ya onun qaydalarına riayət olunmamamlıdır. Hazırda tətbiq edilən karantin sayəsində gün ərzində 500-ə yaxın qeydə alınan yoluxma sayı nisbətən azalıb. Karantin olmasa, dörd-beş ay sonra rəqəmlər 500-dən daha çox olardı.
Əgər karantin tətbiq edilməsəydi, təsəvvür edin ki, iki-üç ay ərzində ölkədə 10 milyonluq əhalinin bəlkə də 15%-i, yəni 1,5 milyon insan xəstəxanalıq olacaqdı. Əhalinin 5%-i, yəni 500 min nəfər isə reanimasiyada canı ilə əlləşəcəkdi. Toplam COVID-19 xəstələrinin 1-4%-i vəfat edərdi ki, bu, qısa zamanda 100-400 min insanın tələf olması deməkdir. Hətta ölüm statistikası daha çox olacaqdı. Çünki Azərbaycanda təxminən 10-20 min reanimasiya çarpayısı var. Bu isə o deməkdir ki, karantin rejimi tətbiq edilməsəydi, 500 min reanimasiya şəraitində saxlanılmalı xəstənin böyük qismi lazımi qayğı görə bilmədikləri üçün tələf olacaqdılar. Ona görə, bu karantinin tətbiqi və vətəndaşların buna riayət etməsi çox önəmlidir.
- ABŞ-da karantin rejimi və vətəndaşların qaydalara nə dərəcədə riayət etməsi ilə bağı məlumatları bölüşərdiniz. Orada gündəlik yoluxma sayı neçədir?
- Vətəndaşlar qaydalara riayət edir. Xüsusilə universal maska taxmaq məsələsinə hər kəs birmənalı riayət edir. Hətta maska taxmayanlara vətəndaşlar özləri xəbərdarlıq edir. Bu mənada ictimai qınaq çox güclüdür. Çünki maska taxmaq, sadəcə, başqalarını qorumaq üçündür.
Burada hazırda gündəlik yoluxma 50-70 min arasında dəyişir. Bunun əsas səbəbi isə karantin rejiminə gec başlanılması, ciddi tərtib edilməməsi və tez yumşalmasıdır.
- Adi qriplə müqayisədə COVID-19-un maksimum təhlükəlilik dərəcəsi nədir? Bu infeksiyanın tənəffüs yollarında daha uzun müddət qaldığı deyilir. Necə xarakterizə edərdiniz?
- Hər il milyonlarla insan soyuqdəymə keçirir və qripə yoluxur. Soyuqdəymə xəstəliyi özünü burun axıntısı, boğaz ağrısı, göz yaşarması, öskürək kimi yüngül simptomlarla büruzə verir. Soyuqdəyməyə ən çox səbəb olan viruslar rinovirus (30-40%) və koronaviruslardır (10-15%). Bundan başqa, RSV, parainfluenza, adenovirus və s. bir çox viruslar da soyuqdəyməyə səbəb ola bilir. Qripin səbəbkarları isə influenza virusudur ki, bu, özünü daha ciddi simptomlarla büruzə verir. Məsələn, halsızlıq, qızdırma, ciddi öskürək, təngnəfəslik və s.
Gördüyünüz kimi, koronaviruslar yeni deyil, əsrlərdir ki, insanlar bu virusa yoluxur. Keçən ilə kimi ən çox gördüyümüz dörd növ koronavirus var idi. Bunlar, ehtimal ki, əsrlər əvvəl müxtəlif vaxtlarda heyvanlardan insanlara keçib. Həmin vaxt pandemiyaya səbəb olub. Nəticədə, insanların bir qismi tələf olub, qalan qismində virusa qarşı immunitet yaranıb və beləcə, hər il daha yüngül formada keçirməyə davam edib. Beləcə də xəstəlik bu günə qədər müxtəlif formalarda gəlib çıxıb. Çox güman ki, indiki SARS-CoV2 virusu da belə olacaq.
Bu gün COVID-19-dan ölənlər 1-4%-dir. Adi qrip virusundan ölənlər isə təxminən 0,1%-dir. Digər soyuqdəymə viruslarından ölənlər 0,002%-dir. Təbii ki, qrip peyvəndi sayəsindədir ki, qripin ölüm nisbəti aşağıdır. Müqayisə etdiyinizdə görürsünüz ki, COVID-19 qrip və soyuqdəymədən daha ciddidir. Ancaq yaxın keçmişə baxdıqda qripin mutant növləri olan quş qripi və donuz qripi, eləcə də koronavirusun mutant növləri olan SARS və MERS viruslarının ölüm nisbətlərinin 10-50% arası olduğunu görürük. Bu kimi viruslarla müqayisədə SARS-CoV2 virusu daha az ölümcüldür.
- Hazırda ölkəmizdə əhalinin sayı 10 milyondan çoxdur. Gün ərzində virusa yoluxma isə 500 nəfərdən çoxdur. Bu dinamika ilə davam etsə, Azərbaycanda yoluxamnın pik həddi nə vaxt yaşanacaq?
- Virus eksponensial şəkildə yayılır. Ancaq bu sürət və pik həddə çatmaq bir çox faktordan asılıdır. Xəstəliyə yoluxub sağalan insanlar yenidən virusa yoluxmur və bu, yayılma sürətini (bəzi məqalələr SARS-2 koronavirusuna bəzi insanların ikinci dəfə yoluxduğunu qeyd ediblər. Ancaq bu barədə məlumat çox deyil) azaldır. Təbii ki, karantin, qoruyucu maska, şəxsi gigiyena və sosial məsafə də yayılma sürətini azaldan ciddi faktorlardandır. Yoluxmanın pik həddə çatması da bunların hamısından asılıdır. Məsələn, Çində ciddi karantin rejiminin tez bir zamanda tətbiq edilməsi və əhalinin bütün fərdlərinin bir nəfər kimi maska taxması nəticəsində iki ay ərzində yeni yoluxma sayı azaldı.
İtaliyada isə virusa qarşı hərəkətə gec başlanıldığı üçün yoluxma pik həddə yüksəldi. Virus tam nəzarət altına alınmadan karantin rejimində yumşalmaya gedildikdə isə, virusun ikinci dalğası başlayır. Eynilə Amerikada olduğu kimi. Bu virusun qarşısının alınmağının ideal üsulu bütün yeddi milyard insanın razılığa gəlib, iki-üç həftə ərzində evdən çölə çıxmamaq qərarı almasıdır. Virusa yoluxanlar bu müddətdə virusu bədənlərindən təmizləyəcək və beləcə də virus məhv olub gedəcək. Ancaq bunu tətbiq etmək həm ölkələr üçün, həm də fərdlər üçün çox çətindir. Bayaq da qeyd etdiyim kimi, həyat davam edir və virusdan başqa məqamlar da (xəstəlikər, hadisələr və s.) nəzərə alınmalıdır, bəzi qurumlar fəaliyyətdə olmalıdır.
Azərbaycan hələ pik həddə çatmayıb. Virusun yayılmağının ilkin mərhələsi yavaş olur. Bayaq qeyd etdim. İlk dörd həftədə virusun yayılma sürəti 1-dən sadəcə 600-ə çıxır. Ancaq növbəti dörd həftədə 600-dən 375000-ə çıxır. Azərbaycan çox tez davranıb tədbirlər aldı, ona görə bir ay əvvələ kimi çox az sayda xəstə gördük. Ancaq o vaxt ki tədbirlərdə yumşalma oldu, virus şiddətlə yayıldı. Hazırda bu tədbirlər sayəsində gündə, sadəcə, 500 yeni yoluxma görürük. Bu tədbirlər olmasa, iki ay ərzində bütün Azərbaycan xalqı virusa yoluxardı və yarım milyon insan tələf olardı.
Hazırkı qabaqlayıcı tədbirlər alındığı müddətdə və yeni yumşalma olmadıqca, çox güman ki, gündəlik koronavirusa yeni yoluxma sayı 500-dən yuxarı qalxmayacaq. Məncə, bir neçə həftə ərzində yeni xəstə sayı azalmağa başlayacaq. Ancaq bu, o demək deyil ki, belə olduqda hamı əvvəlki həyatına qayıtsın. Xeyr. Çünki belə olduğu halda, virusun ikinci dalğası gələ bilər. Bu virus daha bir çox ay davam edəcək, tələsməmək lazımdır. Sosial məsafəni, karantini və maskanı taxmağa davam etmək lazımdır. İqtisadiyyatı mövcud vəziyyətdə davam etdirmək üçün alternativ yollar fikirləşmək, virtual əlaqələri gücləndirmək lazımdır.
- Həkim, virusa tutulan insanlarda immun sistemi formalaşırdı. Həmin bu antitellərin isə orqanizmdə bir-iki ay mövcud olacağı deyilirdi. Artıq son dövrlərdə virusdan sağalanlarda virusa qarşı immunitet formalaşmır. Buna səbəb nədir?
- Düzdür, bəzi hallarda xəstələrin sağaldıqdan sonra yenidən COVID-19 testinin müsbət olmağı halları bəyan edilib və bu, xəstələrdə virusa qarşı immunitetin yaranıb-yaranmadığında çaşqınlıq yaradıb. Ancaq onu qeyd edim ki, belə hallar çox nadir olur və immunitetin yaranmaması elmi tədqiqatlarla isbatlanmayıb. Əgər immunitet yaranmasaydı, peyvənd düzəltmək də olmazdı. Buradakı məsələ virusun mutasiyasıdır. İnsan immuniteti çox mürəkkəb bir prosesdir. Bir mikrob bədənə daxil olduqda, sıravi hüceyrələr polis hüceyrələrə (neytrofillərə) xüsusi yolla xəbər göndərir. Bu polis hüceyrələr gəlib mikrobları tutub öldürüb və parçalayıb, parçalarını əsas immun hüceyrələri olan B və T hüceyrələrinə təqdim edir. Həmin hüceyrələr virusun bu parçalarına qarşı anticisimlər hazırlayır, yəni parçaların şəkillərini çəkib arxivlərinə əlavə edirlər. Eyni zamanda, şəkillərinin surətini çıxarıb, bədənə yayırlar. Bu proses həftələrlə davam edir. Beləcə, həmin mikroba qarşı immunitet yaranır. Mikrob insan bədəninə ikinci dəfə daxil olduqda çox tez bir zamanda tanınır və çoxalmağa imkan tapmamış saatlar, günlər ərzində immun sistemi tərəfindən məhv edilir. Yüngül simptomlarla bu xəstəlik keçib gedir.
Məsələn, yanvarda ilk çıxan zaman SARS-CoV2 virusunun qara saçı var idi, insan immuniteti onu qara saçlı virus kimi tanıyırdı. Sonra virus mutasiyaya uğradı və saç rəngi sarıya çevrildi. Ancaq ağzı, burnu, əli-qolu eyni qaldı. Qara saçlı koronavirusa yoluxmuş xəstə bu sarı saçlı virusa yoluxduğu zaman bəzən bunu tanımır və bu sarı saçlı virusa qarşı immun sistem yenidən başladıla bilir. Bu isə, təbii ki, həftələrlə davam edə, yenidən simptomlar yarana bilər. Ancaq mutasiya bəzən o qədər kiçik olur ki, immun sistem tərəfindən tanımaqla bağlı problem yaranmır.
Son iki ayda tədqiqatçılar Çində meydana çıxan SARS-CoV2 koronavirusunun mutasiyaya məruz qaldığını və mutant virusun daha sürətlə yayıldığı, ancaq daha az ölümcül olduğunu müşahidə etdilər.
Bu mutasiyanın baş verəcəyini gözləyirdik, ancaq nə vaxt olacağını bilmirdik. SARS-CoV2 koronavirusunun mutasiyaya uğraması təxminən altı ay çəkdi ki, bu, yaxşı haldır. Qripdən ikiqat yavaş mutasiyaya uğrayır. SARS-CoV2 mutasiyaya uğramağa davam edəcək və hətta yeni pandemiyalara da səbəb ola bilər. Buna hazırlıqlı olmaq lazımdır. Onu da qeyd edim ki, vaksin hazırlayanlar həmin mutasiyaları nəzərə alırlar və bu mutasiya onların işlərinə ciddi maneə törətmir.
- Virusa qarşı konkret müalicə üçün dərman preparatı yoxdur. Vaksin hazırlanması isə uzun müddət alacaq. Mütəxəssislərin bu fikrinə necə yanaşırsınız? Ümumiyyətlə, vaksin hazırlanana qədər salamat adam qalar, ya yox?
- Düzdür, normal vaksinin sıfırdan hazırlanıb kütləvi istifadəyə verilməsi normalda 10-15 il vaxt aparır. Bu günə qədər ən tez hazırlanmış vaksin Ebolaya qarşı olub ki, o da beş il ərzində hazırlanıb. Budəfəki hədəf 18 aydır. Məncə, bu, çox nikbin hədəfdir.
Vaksin inkişafı bir neçə mərhələdən keçir. Əvvəl preklinik, yəni heyvanlar üzərində tədqiq edilir. Sonra insanlar üzərində tədqiqata başlanılır ki, buna klinik mərhələ deyilir.
İlk növbədə, kiçik qrup sağlam insanlar (100 nəfərdən az) üzərində təhlükəsizlik və doza tədqiq edilir, buna faza-1 deyilir. Bu bir neçə ay çəkir. Əgər vaksinin sınağı uğurla keçərsə, bu səfər yüzlərlə insan üzərində yoxlanılır ki, buna da faza-2 deyilir. Faza-2 təxminən bir-iki il çəkir və bu mərhələdə vaksinin effektivliyi və yenidən təhlükəsizliyi yoxlanılır.
Faza-3-də isə minlərlə insan iki yerə bölünür. Yarısına vaksin, digər qrupa isə plasebo, yəni tərkibində vaksin olmayan boş məhlul verilir. Lakin tədqiqatçılardan başqa heç kəs kimin həqiqi vaksin, yoxsa plasebo aldığını bilmir. Texminən bir-dörd il sonra vaksin qrupu ilə plasebo qrupu müqayisə edilir. Əgər vaksinin plasebodan effektiv olduğu və ciddi yan təsirinin olmaması isbatlanarsa, vaksin Amerikada FDA (Food and Drug Administration), ya da dünyada Ümumdünya Səhiyyə Təşkilatı, yaxud da hər ölkənin öz səhiyyə orqanları tərəfindən təstiqlənir. Bundan sonra vaksin kütləvi şəkildə vurulur.
Vaksinlərin bəzi yan təsirləri çox nadir görüldüyü üçün bunlar faza-1-dən faza-3-ə qədər insan sayı az olduğu üçün müşahidə edilməyə bilir. Məhz buna görə, təsdiqlənmiş vaksinlər vurulan şəxslərin təqibi davam edir ki, bu nadir görülən yan təsirlər müəyyən edilsin və buna faza-4 və ya "postmarketing surveillance" deyirlər. Həmin faza da ən azı bir il çəkir. Gördüyünüz kimi, nəzəri olaraq, vaksinin təsdiqlənməsi faza-1-dən faza-3-ə qədər ən ideal halda azı iki-üç il çəkir. Hazırda bu zamanı tezləşdirmək üçün faza-1 və faza-2-ni birləşdirirlər.
Ümumdünya Səhiyyə Təşkilatının iki gün əvvəl dərc etdiyi bəyanata görə, hazırda 21 namizəd vaksin klinik tədqiqat mərhələsindədir. Bunlardan ikisi ("SinoVac" və "AstraZeneca" şirkətləri) faza-3-dədirlər. Digərləri isə faza-1 və ya faza-2-də. Preklinik mərhələdə isə 139 vaksin nümunəsi tədqiq edilir. Həmin vaksinlər dünyanın müxtəlif ölkələrində hazırlanıb. Bunların arasında bizim ölkəyə yaxın olan Türkiyə də var.
Vaksin hazırlığı üçün Amerikanın hədəfi 2021-ci ilin yanvar ayıdır. Buna isə, sadəcə, ümid etmək olar. Tələsik vaksin çıxarmaq da yanlış addımdır. Bu, öz növbəsində, yanlış hadisələrin yaşanmasına səbəb ola bilər. Ataların yaxşı sözü var, "tələsən təndirə düşər". Vaxtından əvvəl və tam araşdırılmamış, təhlükəsizliyi və miqdarı tam təyin edilməmiş vaksini kütləvi vurduqda, bu dəfə də qaş düzəldən yerdə göz çıxarmaq olar. İnsanları virusdan qorumaq məqsədilə tələsik hazırlanan vaksin, digər tərəfdən yan təsirləri ilə ciddi ziyan vura bilər.
- ABŞ-da virusa yoluxanlar arasında Azəbaycan vətəndaşları varmı? Ölənlər olubmu? Hazırda müalicə alanlar neçə nəfərdir və xahiş edirəm, onların vəziyyətləri barədə danışın.
- Statistikaya görə, Amerikada cəmi 10-15 min azərbaycanlı var. Təxminən 40-50 min də Cənubi azərbaycanlı yaşayır. Yəni Amerikada cox az həmvətənimiz var və onlar koronavirusa yoluxanların statistikasında yoxdur. Amerikada koronavirus statistikasında azərbaycanlılar yer almır. Mən işlədiyim xəstəxanada bu günə qədər azərbaycanlı xəstə ilə qarşılaşmamışam.
- Azərbaycanlı mütəxəssislər daha əvvəl mövcud olan epidemiyalarda (qrip, qazanılmış insan immun çatışmazlığı, hepatit C), hətta Ebola ilə mübarizədə hazırlanan preparatların koronavirusun müalicəsində daha effektiv olduğunu deyir. Bəs niyə biz bu xəstəliyə qalib gələ bilmirik?
- Viral xəstəliklərdə istifadə edilən dərmanlara antiviral deyilir. Antiviral dərmanlar antibiotiklərin bir növüdür ki, viruslara təsir edir. Bu antivirallar virusun çoxalmasının qarşısını alır. O vaxta qədər ki, immun sistem bu virusla savaşıb, virusu bədənimizdən təmizləsin. Ancaq bəzi viruslar çox yaxşı gizlənmə qabiliyyətinə malikdir. Antiviral dərmanlara baxmayaraq, bədən bu virusları təmizləyə bilmir. Məsələn, HIV virusuna yoluxan xəstələr virus bədəndə çoxalmasın deyə, ömürlərinin sonuna kimi antiviral dərmanlardan istifadə etmək məcburiyyətindədir. Ancaq digər qrup viruslarda antivirallar sayəsində bədən virusu təmizləyə bilir. Hər antiviral dərman hər virusa təsir etmir. Təəssüf ki, SARS-CoV2-yə qarşı təsirli olan isbatlanmış bir antiviral yoxdur. İlkin vaxtlarda kiçik həcmli tədqiqatlarda bəzi antiviralların təsirli olduğu deyildi və bunlar xəbər oldu, ancaq həmin tədqiqatlar çox kiçik qrup, yəni 50-100 xəstə üzərində aparıldı və keyfiyyətli tədqiqatlar deyildi. Məsələn, ilk dəfə hidroksixloroxin və azitromisin üzərində tədqiqat Fransada Didye Rao tərəfindən aparıldı. 80 nəfər COVID-19 xəstəsinə bu dərmanları verib, hər gün PCR testi etdilər. Gördülər ki, bir həftədən sonra xəstələrin 87%-də PCR testi mənfi oldu və belə qənaətə gəldilər ki, hidroksixloroxin və azitromisin virusun bədəndən təmizlənməsinə kömək edir. Ancaq bu tədqiqat cox keyfiyyətsiz tədqiqat idi. Normalda bir dərmanın effektiv olub-olmadığını təyin etmək üçün iki qrup xəstə götürülür. Bir qrupa həmin dərman verilir, digər qrupa isə plasebo (yəni boş dərman) verilir. Bir müddət sonra iki qrupdakı nəticələr müqayisə edilir. Gördüyünüz kimi, bu tədqiqatda plasebo qrupu yox idi, yəni biz bilmirik ki, həmin 80 xəstəyə bu iki dərman verilməsəydi, yenə bir həftə sonra virus saynda azalma olacaqdı, ya yox. Ona görə, bunu təyin etmək üçün onlarla tədqiqat aparıldı. Bu dəfə nəzarət qrupları ilə müqayisə edildi və görüldü ki, bu iki dərmandan istifadə edənlərlə etməyənlər arasında heç bir fərq yoxdur.
Hazırda tədqiqat mərhələsində olan onlarla dərman var. Bunlar arasında remdesivir, konvalessent plazma, interleykin-6 inhibitorları ən məşhurlarıdır. Deksametazon deyilən dərmanın isə süni tənəffüs yoluna taxılmış və ya əlavə oksigen müalicəsinə ehtiyacı olan xəstələrdə ölüm nisbətini 10-20 faiz azaltdığı göstərilib.
Təəssüf ki, hazırda SARS-CoV2 virusuna qarşı isbatlanmış tam effektiv heç bir antiviral yoxdur. Ona görə, bu xəstəliyə qalib gəlmək, sadəcə, yayılmasının qarşısını almaq, ya da sürətini azaltmaqla ola bilər.
- Azərbaycanda yüngül simptomlu xəstələrin evdə müalicəsi aparılır. ABŞ-da bu üsul tətbiq edilirmi?
- Bəli, tətbiq edilir. Bu, ideal üsul deyil. Çünki şəxslərin özlərini təcrid etməsinə çox güvənmək olmaz. Eləcə də, eyni evdə yaşıyanlarla və ya ailə üzvləri ilə təması iki həftə kəsmək mümkün deyil. Yaxşı olardı ki, hotel və digər böyük obyektlərin bağlı olduğu vaxtlarda bu kimi obyektlərdən karantin zonası kimi istifadə edilsin. Belə ki, yüngül simptomlu və ya simptomsuz, amma təsdiqlənmiş COVID-19-lu xəstələri bu obyektlərdə iki həftə ayrı-ayrı otaqlarda karantinə alsınlar. Ancaq bunlar ciddi vəsait tələb edir. Hər zaman tətbiqi asan olmur. Yaxud da, elektron nəzarət qolbaqlarından istifadə etmək olar.
- Sonda vətəndaşlara özlərini qorumaları üçün nə tövsiyə edərdiniz?
- Virusun xarici təbəqəsi yağ təbəqəsidir. Bildiyimiz kimi, sabun və spirt yağı çox asanlıqla həll edir. Ona görə, əlləri sabunla yumaq və ya 70%-li spirtli məhlullardan istifadə etmək lazımdır. Bu SARS-Cov-2 koronavirusu damcı yolu ilə yayılır. Ancaq bəzi eksperimental tədqiqatlar yayılmanın hava yolu ilə də ola biləcəyini deyir. Lakin hava yolu ilə yayılma insanlar üzərində müşahidə edilməyib. Damcı dedikdə, 5-10 mikrondan böyük, hava yolu ilə dedikdə, beş mikrondan kiçik hissəciklər nəzərdə tutulur. Yəni xəstə asqıranda, öskürəndə, hətta yüksək səslə danışanda belə, bu damcılar yaranır, ancaq damcıların kütləsi ağır olduğu üçün iki metr məsafədə yerə düşür. Buna görədir ki, virusdan qorunmaq üçün səhiyyə təşkilatları iki metr sosial məsafə saxlamağı tövsiyə edir. Qapalı yer və havalandırması yaxşı olmayan ərazilərdə bu damcılar uzun muddət havada asılı qala biləcəyi üçün qapalı ərazilərdə toplaşmaq məsləhət görülmür.
Təbii ki, üzə maska taxdıqda bu damcılar maskalar tərəfindən tutulur və virusun nəfəs yollarına keçməsinin qarşısını alır. Onu da qeyd edim ki, normal cərrahi maskalar 60% effektiv olduğu halda, kütləvi halda istifadə edildiyi zaman effektivliyi artır. Çünki xəstə insan maska ilə asqırdığı zaman, təbii, ətrafa daha az virus saçır. Ən effektiv maska isə N95 respiratorlarıdır. Bu maskalar üzə tam yapışır və kənarlardan (təbii ki, saqqallı insanlar xaric) hava sızdırmır. Beləcə, nəfəsə gedən havanın hamısı respiratorda filtirlənir.
Eyni zamanda, virusun gözdən yoluxma ehtimalı da var. Ona görə, gözləri qorumaq da əhəmiyyətlidir. Ən əsası və ən çətini də, təbii ki, ev karantinidir.
Son olaraq qeyd edim ki, şəkər xəstələri, yaşlılar, ağciyər xəstəlikləri olanlar, uzun müddət siqaret çəkmiş insanlar özlərini daha ciddi qorumalıdırlar, çünki COVID-19 onlarda daha çox ölümə səbəb olur. Allah bizi bu bəladan tez bir zamanda qurtarsın və bizə səbr versin.
Milli.Az /news.milli.az
f Paylaş
Xidmetler [newsid: 0-123300]