"Rusiyanın adamı olmayan" Paşinyanın "ağıllanması" – Nə dəyişdi və daha nələr dəyişəcək?
Vətənimizi uzaqdan-uzağa və "canlarından artıq" sevənlərin "Paşinyan eşqi" yenidən qabarıb. Azərbaycan iqtidarını Zəngəzur dəhlizi məsələsini tez-tez gündəmə gətirməkdə ittiham edən qatı müxalifətçilər Paşinyan mövzusunu çeynənmiş saqqıza döndərdiklərinin fərqində deyil.
Müxalifət mediasının "Putin Paşinyanla "gözünün içinə baxaraq" danışmaq istəyir", "Kreml Paşinyanı devirə və ya onu ələ ala bilərmi?", "Что имел ввиду Пашинян?" sərlövhələri Ermənistanın Baş nazirini qəhrəman kimi təqdim etmək cəhdindən başqa bir şey deyil.
"Osmanqızı tv" aparıcısının "nəhayət ki, biz bu günü də gördük. Bunu hər hansı erməni siyasətçisi, politoloqu demir, bunu Ermənistanın Baş naziri deyir" sevinci adamın lap gözlərini "yaşardır".
Sən demə, Paşinyan Brüsseldən qayıtdıqdan sonra erməni parlamentində "çox böyük" addım atıb. Bildirib ki, "tarixi və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, əksinə, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və bir-birinə ciddi təhlükələr yaradır". O, həm də etiraf edib ki, özü və hökumət üzvləri tarixi Ermənistanın ənənələrinin və psixologiyasının daşıyıcıları olublar. Yalnız 2022-ci ildə dərk ediblər ki, bununla Ermənistan Respublikasının əsas təhlükəsizlik amili olan beynəlxalq çərçivədə tanınmış sərhədlər məsələsi diqqətdən kənarda qalır.
Bundan başqa, Qarabağ məsələsinin çoxdan bağlandığını etiraf edən Paşinyan bəyan edib ki, "ABŞ və Aİ bizim əvəzimizə problemlərimizi həll etməyəcəklər".
Əlbəttə, "Osmanqızı tv" aparıcısı və qonaqları ABŞ və Aİ-nin Ermənistanın problemlərini həll etməyəcəkləri məsələsinin üzərindən sükutla keçirlər. Bəh-bəhlə Paşinyanın necə "böyük demokrat" olmasından dəm vururlar.
Belə yerdə adam "Dur!" deyə bağırmaq istəyir. Deyəsən, Azərbaycan hakimiyyətinin əleyhdarları düşünürlər ki, sanki onların və ya sığındıqları kollektiv Qərbin sayəsində "demokrat" Paşinyan bu mövqeyə gəlməyə məcbur olub. Əslində, Ermənistan rəhbərliyini bu mövqeyə gəlməyə vadar edənlərin adları onlara da yaxşı bəllidir. Bu, heç də onların iddia etdikləri kimi Rusiya və Putin amili ilə bağlı deyil. Məkr pərdəsi gözlərini tutduğundan onlar bütün günü ünvanlarına ağlasığmaz tənqidlər və təhqirlər səsləndirdikləri Azərbaycan və Türkiyənin dövlət başçılarının isimlərini dilə gətirmək istəmirlər.
Azərbaycanda və Türkiyədə demokratik dəyərlər baxımından problemlərin olduğunu heç kim inkar etmir və edə də bilməz. Heç kimə ölkəsində fundamental azadlıqlarla əlaqədar problemlərin olması xoş deyil.
Amma etiraf etmək lazımdır ki, Ermənistan rəhbərliyinin düşdüyü durum İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın böyük məharətlə yürütdükləri siyasətin nəticəsində yaranıb. Üstəlik, Rusiyanın "qırmızı xət"ləri keçməsi sayəsində Cənubi Qafqaz bölgəsinin önəmi artıb. Bu gün heç kimə sirr deyil ki, kollektiv Qərb bu bölgədəki maraqlarını artıq həyasızcasına qəsbkar, təcavüzkar və imperialist siyasət yeridən Rusiya ilə bölüşmək istəmir. Rusiya təhlükəsi 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri zamanı çılpaqlığı ilə ortaya çıxdı. Odur ki, Kremlin Cənubi Qafqazdan çıxarılması naminə bölgədə sülhün bərqərar olması və münasibətlərin normallaşması zərurətə çevrilib. Əslində, Azərbaycanın beynəlxalq qanunlara uyğun olaraq öz torpaqlarını erməni (oxu: rus) işğalından azad etməsi kollektiv Qərbin maraqları ilə üst-üstə düşdü.
Bu mənada, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan istər II Qarabağ müharibəsindən öncə, istərsə müharibə və postmüharibə dövründə dəfələrlə Paşinyana hadisələrin bu istiqamətdə cərəyan edəcəyi barədə xəbərdarlıqlar edir, qonşunun "ağlını başına gətirməyə" çalışırdılar. Bu proses indi də davam edir.
Əslində Paşinyan yalan söyləyir, o və komandası heç də 2022-ci ildə nəyisə dərk etmədi. Onlar 2023-cü il 19–20 sentyabr tarixindən sonra "ağıllanmağa" məcbur oldular.
Çünki tarixi və real Ermənistan məsələsini dərk edən şəxs 2023-cü ilin sentyabrında Qarabağdakı erməni separatçılarına "Artsax"ın 30 illiyi münasibətilə təbrik müraciəti ünvanlamazdı.
Həmin müraciətdə Paşinyan "düşmənin bütün cəhdlərinə baxmayaraq, 44 günlük müharibənin məqsədinə çatmadığını", "Artsax bu gün yaralı olsa da, möhkəmdir, Ermənistanın və bütün erməni xalqının tam dəstəyinə malikdir" "bu gün biz bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını təsdiqləyirik" kimi ifadələr işlətmişdi.
2022-ci ildə "Ermənistan Respublikasının əsas təhlükəsizlik amili olan beynəlxalq çərçivədə tanınmış sərhədlər məsələsinin diqqətdən kənarda qaldığını" dərk edən şəxs belə ifadələri işlədə bilərdimi? Təbii ki, yox. Deməli, Paşinyan yenə də saxtakarlığını davam etdirir.
Bizim "əzabkeş" müxalifət xatırlamaqdan imtina edir, biz isə Paşinyanın "məharətləri"ni bir daha yada salırıq:
Məhz "demokrat" Paşinyan 2019-cu ildə bütün beynəlxalq prinsiplərə zidd olaraq Qarabağın Ermənistana məxsus olduğunu söyləməklə dinc danışıqların birdəfəlik dayandırılmasına səbəb oldu və müharibənin fitilini alolandırdı;
Məhz "demokrat" Paşinyan oğlunu işğal olunmuş Qarabağda əsgəri xidmətə göndərdi;
Məhz "demokrat" Paşinyan sərxoş halda rəqs etdiyi qədim şəhərimiz Şuşanı "Artsax"ın paytaxtı elan etməyə hazırlaşırdı. Azərbaycan öz doğma yurdunu azad etdikdən sonra Şuşa onun gözünə "boz şəhər" kimi göründü;
Məhz "Rusiyanın adamı olmayan" Paşinyan və komandası 2020-ci ilin iyulunda Kremlin fitvası ilə Azərbaycanın yeni torpaqlarının, xüsusilə də beynəlxalq neft kəmərlərinin keçdiyi ərazini işğal etməyə cəhd göstərdi;
Məhz "Rusiyanın adamı olmayan" Paşinyan həmin döyüşdən öncə və sonra, eləcə də 44 günlük müharibə ərzində və postmüharibə dövründə Rusiyanın İran üzərindən Ermənistana göndərdiyi silah-sursatı qəbul edirdi;
Məhz "demokrat" Paşinyan İkinci Qarabağ savaşında arvadı Annanı Xankəndidə silahlı qadın dəstəsinin hərbi təlim keçməsinə rəhbərlik etməyə göndərmişdi. Onun arvadının avtomatı təmas xəttinə tuşladığı yerdə çəkilmiş fotolarını hər kəs xatırlayır;
Məhz "demokrat" Paşinyanın rəhbərlik etdiyi hökumət Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir və digər şəhərlərini bombardman edərək, onlarla dinc sakinin, o cümlədən uşağın, qadının, gəncin, qocanın öldürülməsinə bais olub.
Müharibədən sonra da dinc durmayan, Azərbaycan torpaqlarında davamlı olaraq diversiyalar, terror aktları törətməyə cəhdlər edən "demokrat" Paşinyanın hökuməti deyilmi?!
Azərbaycan torpaqlarında kütləvi şəkildə basdırılmış minaların qurbanlarını kimin ayağına yazaq?! Hətta postmüharibə dönəmində Azərbaycan torpaqlarında yeni minaların basdırılmasına Paşinyan hökuməti rəhbərlik etmirdimi?!
Erməniləri bir ucdan Qarabağa daşıyan "rus sülhməramlıları"nın "Artsax"da qalmasını istəyən "Rusiyanın adamı olmayan" Paşinyan deyildimi?!
İndi isə AXCP sədri Əli Kərimli narahatdır ki, birdən Rusiya Ermənistanın baş nazirini devirər.
Azərbaycan iqtidarının əleyhdarlarına ən yaxşı cavabı ermənilərin "Noyan Tapan" internet televiziyası verib. Bu kanalın aparıcısının "Heç görmüsünüzmü, İlham Əliyev Azərbaycanda Ermənistan təbliğatın aparsın? Nikol Paşinyan isə Azərbaycan və Türkiyə təbliğatını aparır", onun qonağı olan Konstruktiv partiyasının sədri, politoloq Andrias Qukasyanın isə "onun məqsədi geosiyasi layihə naminə erməni xalqının Türkiyə və Azərbaycanın irəli sürdüyü tələblərlə barışmasıdır" cavabı məhz İlham Əliyev – Rəcəp Tayyib Ərdoğan tandeminin düzgün yolda olduğunu sübut edir.
A.Qukasyan onu da bildirib ki, baş nazirin Rusiya tərəfindən devrilməsi təhlükəsi yoxdur. Çünki Ermənistan Brüsselin istədiyi kimi Avropa Birliyinin üzvü olarsa, Türkiyə və Azərbaycan tərəfdən İrəvana heç bir təhlükə qalmayacaq. Ən əsası isə, Rusiya Aİ üzvü olan ölkədə öz hərbi bazasını saxlaya bilməyəcək. Amma əgər Paşinyan Brüsselin dediklərini həyata keçirməsə, onun hakimiyyətinə ABŞ və Aİ də son qoya bilər.
Xatirə SADİQ,
KONKRET.az
f Paylaş
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]